Soydaşlarımızın uşu-sanda üzrə Gürcüstan çempionatındakı uğuru

Tbilisi şəhərindəki Gimnastika Arenasında keçirilən uşu-sanda üzrə Gürcüstan çempionatında soydaşlarımız böyük uğura imza ataraq 29 medal qazanıblar.

Çempionat Gürcüstanın İdman və Gənclər Nazirliyi, Gürcüstan Uşu-sanda Federasiyası və Çinin bu ölkədəki səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Ölkənin bütün regionlarının təmsil olunduğu yarışda Kvemo-Kartli bölgəsinin Uşu-sanda Federasiyasının tərkibindəki “Marneuli” və “Qaraçöp” klublarının yetirmələri də iştirak ediblər.

Uşu-sanda üzrə idman ustası Faiq Məmmədovun rəhbərlik etdiyi “Marneuli” klubunun 3 üzvü qızıl, 1-i gümüş, 8-i bürünc, kikboks üzrə idman ustası İbrahim Məmmədovun rəhbərlik etdiyi “Qaraçöp” klubunun yetirmələri isə 5 qızıl, 8 gümüş, 4 bürünc medal qazanıblar.

Kvemo-Kartli Uşu-sanda Federasiyasının prezidenti, SSRİ, Avropa və ikiqat dünya çempionu, Azərbaycanın Əməkdar idman ustası, Əməkdar məşqçi Canpolat Budaqov  soydaşlarımızın çempionatda ilk dəfədir ki, geniş tərkibdə iştirak etdiklərini bildirib. 8 yaşdan yuxarı, 4 yaş kateqoriyasında və müxtəlif çəki dərəcələrində mübarizə aparan 32 soydaşımızdan 29-nun fəxri kürsüyə çıxmasını böyük uğur adlandırıb.

Müəllif: Natiq NƏSİROV