Bakıda Real Aykido üzrə Beynəlxalq Seminar keçirildi

25 may 2025-ci il tarixində Bakıda Real Aykido üzrə XI Beynəlxalq Seminar və Kəmər İmtahanı keçirilib. Tədbirdə Azərbaycan Real Aykido İdman Klubunun 14 filialından üç yüzdən artıq idmançı iştirak edib.

Seminara Real Aykido döyüş sənətinin banisinin birinci assistenti, Beynəlxalq Real Aykido Federasiyasının prezidenti, yeddinci dan qara kəmər ustası, professor İqor Petroviç rəhbərlik edib.

Tədbir yüksək maraq və coşqu ilə keçib. Seminarın sonunda dörd yaşdan yetmiş yaşadək iştirakçılar arasında, ağ kəmərdən qara kəmərə qədər dərəcə imtahanları təşkil olunub.

İmtahan komissiyasında Beynəlxalq Real Aykido Federasiyasının prezidenti professor İqor Petroviç, Azərbaycan Real Aykido İdman Klubunun prezidenti Fariz Abdullayev, eləcə də Qazaxıstan Real Aykido Assosiasiyasının prezidenti Artyom Zaxarenko yer alıb.

Tədbirin sonunda Beynəlxalq Federasiya rəhbərinin qərarına əsasən, Azərbaycan növbəti dəfə – səkkizinci dəfə olmaqla – Real Aykido idman növü üzrə bütün kateqoriyalarda birinci yerə layiq görülüb.

Müəllif: Bəhruz MƏMMƏDOV