Bədii gimnastika üzrə Avropa kubokuna son baxış

Ölkəmizdə ikinci dəfədir ki, keçirilən Avropa kuboku yenə möhtəşəm performanslar, həyəcanlı və maraqlı anlarla yadda qalıb. 4 gün davam edən kubokda 25 ölkənin zərif gimnastları iştirak ediblər. Musiqili çıxışlar, xüsusi hazırlanmış rəqs kompozisiyaları, sürpriz fləşmoblar hər yaş qrupundan olan izləyicinin zövqünü oxşayıb. Bu kubokun özünəməxsusluğu qrup hərəkətləri komandaları arasında da çarpaz qarşılaşmaların keçirilməsi olub.
Yarışın ilk günündə fərdi yarışlar keçirilib. Böyüklər yaş kateqoriyasında gimnastlar halqa və topla çıxışlar ediblər. Fərdi yarışda Azərbaycanı Gövhər İbrahimova və Kamilla Seyidzadə təmsil edib.
Yarışın ikinci günündə böyüklər arasında fərdi proqramda halqa, top, gürzlər və lent üzrə qaliblər bəlli olub. Böyüklər arasında gürzlər üzrə Ukrayna (Taisiia Onofriichuk) qızıl, İtaliya (Tara Dragas) gümüş, Bolqarıstan (Malinova Dara) bürünc medal qazanıb. Lentlərlə yarışda Ukrayna (Taisiia Onofriichuk) qızıl, İtaliya (Tara Dragas) gümüş, Rumıniya (Amalia Lica) bürünc medal qazanıb.
Topla yarışda İtaliya (Sofia Rafelli) qızıl, Özbəkistan (Lola Djuraeva) gümüş, Ukrayna (Taisiia Onofriichuk) bürünc medal qazanıb. Halqa ilə yarışda Ukrayna (Taisiia Onofriichuk) qızıl, İsrail (Lian Rona) gümüş, İtaliya (Tara Dragas) bürünc medal qazanıb.
Eyni gündə böyüklərdən ibarət qrup hərəkətləri komandası 5 lent və 3 top + 2 halqa şəklində yarışıblar.
Böyüklər arasında qrup hərəkətlərində 3 top + 2 halqa şəklində çıxış edən Azərbaycan komandası qızıl medala layiq görülüb. Ukrayna komandası gümüş, İtaliya komandası isə bürünc medal qazanıb. Böyüklərdən ibarət qrup hərəkətləri komandaları arasında 5 lent şəklində çıxış edən İtaliya komandası qızıl, Estoniya komandası gümüş, Bolqarıstan komandası isə bürünc medal qazanıb.
Yarışın üçüncü günündə gənclərdən ibarət qrup hərəkətləri komandası 5 halqa, 5 cüt gürzlə çıxış edib. Çoxnövçülük üzrə çıxış edən gənclərdən ibarət qrup hərəkətləri komandalarından Bolqarıstan komandası qızıl, Ukrayna komandası gümüş, İsrail komandası isə bürünc medal qazanıb.
Gənclər yaş kateqoriyasında gimnastlar fərdi proqram təsnifatı çərçivəsində komanda hesabında halqa, top, gürzlər və lentlə çıxış ediblər. Komanda hesabında Bolqarıstan komandası qızıl, İtaliya komandası gümüş, İsrail komandası isə bürünc medal qazanıb.
Çarpaz qarşılaşmalarda Azərbaycan komandası Estoniya komandasına qalib gəlib, Ukrayna - Bolqarıstan komandalarının qarşılaşmasında qalib Bolqarıstan, İtaliya - Gürcüstan komandasının qarşılaşmasında isə qalib İtaliya olub. Ardınca Azərbaycan, Bolqarıstan , İtaliya komandaları arasında keçirilən final görüşündə Bolqarıstan qızıl, İtaliya gümüş, Azərbaycan isə bürünc medal qazanıb.
Gənclərdən ibarət qrup hərəkətləri komandamız ayrı-ayrı alətlər üzrə həm 5 halqa proqramında, həm də 5 cüt gürzlə çıxışda bürünc medal qazanıb.
"Bədii gimnastika üzrə Avropa Kuboku"nun sonuncu günündə gənclər yaş kateqoriyasında gimnastlardan fərdi proqram təsnifatı çərçivəsində lentlə çıxış edən Ağahüseynova Şəms (Azərbaycan) isə bürünc medal qazanıb.
Böyüklər yaş kateqoriyasında fərdi proqramda çıxış edən gimnastlar çarpaz qarşılaşmalarda yarışıblar. Finala italiyalı Sofia Raffaeli və özbəkistanlı Lola Djuraeva çıxıb. Finalda İtaliya gimnastı qızıl, Özbəkistan gimnastı isə gümüş medal qazanıb. Bürünc medal uğrunda ukraynalı gimnastlar Taisiia Onofriichuk və Polina Karika mübarizə aparıb. Bürünc medalın sahibi Taisiia Onofriichuk olub.
Finalın qalibinin medalını gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov təqdim edib.
Ümumilikdə bədii gimnastika üzrə Avropa kubokunda ölkəmiz 1 qızıl, 4 bürünc medalla yarışa yekun vurub.
