Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş karate tədbiri Abşeronda təşkil olundu

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı və təşəbbüsü ilə FHN-nin idman sağlamlıq klubunun nəzdində fəaliyyət göstərən “Budokan” karate klubunun idmançılarının iştirakı ilə Abşeron rayonun Xırdalan şəhəri, Heydər Əliyev adına mərkəzi parkda Ulu Öndər Heydər Əliyevin 102-ci il dönümünə həsr edilmiş, AKF-in vitse-prezidenti Füzuli Musayevin rəhbərliyi ilə karate üzrə “ustad-dərsləri” və nümunəvi çıxışlardan ibarət idman bayramı təşkil edilmişdir.

Tədbir rayon İcra Hakimiyyəti, AKF-in iştirak edən rəhbərləri və idmançıların Ulu Heydər Əliyevin abidəsinə əklillər qoyması ilə başladı.

Sonra tədbirin rəsmi hissəsi dövlət himnin səsləndirilməsi və Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad etməklə başladı.

İlk olaraq cıxış edən Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova təbirin keçirilməsinin yeniyetmə və gənclərin idmana cəlb edilməsi yolu ilə sağlam həyət tərzinin təbliğində əhəmiyyətli, təqdirəlayiq rolunu qeyd edərək AKF rəhbərliyinə təşəkkürünü bildirdi.

Söz alan AKF-in vitse-prezidenti Füzuli Musayev tədbirin keçirilməsinə göstərdikləri dəstək və müvafiq şəraitin yaradılmasına görə Abşeron rayon İcra Hakimiyyəti rəhbərliyinə AKF rəhbərliyinin təşəkkürünü bildirdi.

Rəsmi çıxışlardan sonra 8-ci dan qara kəmər ustası Füzuli Musayev və AKF-in baş katibi 5-ci dan qara kəmər ustası Qabil Sayadovla birgə karatenin texniki fəndlərindən ibarət komplekslərlə “ustad-dərsləri” keçirdilər.

Daha sonra “Budokan” karate klubunun baş məşqçisi Coşqun Sadıqovun rəhbərliyi ilə idmançıların nümunəvi çıxışları ilə tədbir sona catmışdır.

Tədbirdə Abşeron rayon İcra Hakimiyyətin Xırdalan şəhəri üzrə nümayəndəsi Malik Məmmədov və AKF-in hüquq və intizam komitəsinin sədri Həmdiyyə Məmmədov iştirak etmişlər.

Müəllif: Bəhruz MƏMMƏDOV