Azərbaycan fudokan karateçiləri Polşada keçirilən dünya çempionatında parlaq nəticələr əldə etdilər

11 may tarixində Polşanın Pulavı şəhərində keçirilən Fudokan Karate üzrə 10-cu Dünya Çempionatı yekunlaşdı. Dörd gün davam edən bu mötəbər beynəlxalq yarışda Azərbaycan Karate Federasiyasının ənənəvi karate – fudokan üslubu üzrə milli komandası uğurla çıxış edərək ölkəmizi layiqincə təmsil etdi.
Komandamız yarışda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Karate Federasiyasının dəstəyi ilə iştirak edib. Yarış boyu komandanın fəaliyyətinə AKF prezidentinin köməkçisi, fudokan üslubu üzrə rəsmi nümayəndə Vüsal Abdullazadə yaxından rəhbərlik edib və onun təşəbbüskarlığı, təşkilatçılığı, həmçinin beynəlxalq səviyyəli koordinasiya fəaliyyəti komandanın uğurunda mühüm rol oynayıb.
Komandaya baş məşqçi Bəşir Mahmudov rəhbərlik edib və onun rəhbərliyi ilə idmançılarımız aşağıdakı möhtəşəm nəticələrə imza atıblar:
- Vəlizadə Hacıəli – böyüklər arasında +80 kq çəki dərəcəsində qızıl medal;
- Seyidov Vüsal – U21 (18–20 yaş) kateqoriyasında 60 kq çəki dərəcəsində qızıl medal
- Ələkbərov Tahir – gənc oğlanlar arasında (16–17 yaş, -75 kq) qızıl medal;
- Zeynallı Şəfaqət – gənc qızlar arasında (16–17 yaş, -60 kq) qızıl medal;
- Səfərli Qorxmaz – yeniyetmələr arasında (14–15 yaş, -60 kq) qızıl medal;
- Bayramov Siyavuş – veteranlar arasında +75 kq çəki dərəcəsində bürünc medal;
- Heydərzadə Kamran – böyüklər arasında (-80 kq) bürünc medal;
- Bağırov Məhəmməd – gənclər arasında +65 kq gümüş medal;
- Mustafazadə Yusif – uşaqlar arasında dünya kubokunda (10–11 yaş, -35 kq) bürünc medal;
Xüsusi olaraq qeyd edilməlidir ki, kişilər arasında mütləq çəki dərəcəsində mübarizə aparan Babək Qələmzadə ilk döyüşdə erməni rəqibini 4:0 hesabı ilə məğlub edərək uğurlu start verib. Ardınca 4 görüş keçirən idmançımız zədə səbəbindən finalda polşalı rəqibinə uduzaraq gümüş medal qazanıb.
Azərbaycan Karate Federasiyasının ənənəvi karate fudokan üslubu üzrə milli komandası bu mötəbər yarışda göstərdiyi nəticə ilə bir daha sübut etdi ki, ölkəmiz bu sahədə də beynəlxalq səviyyədə layiqli yer tutur.
