Vinq Çun Seminarı Bakıda başladı - “Yaşayan Əfsanə” Samuel Kvok açıq təlim keçdi - FOTO

ESTAFET/ Bakıda Vinq Çun döyüş sənəti üzrə beynəlxalq seminar keçirilir. Tədbirin ilk günü dünyanın məşhur döyüş ustalarından biri - əfsanəvi İp Manın tələbəsi, “Yaşayan Əfsanə” tituluna sahib Böyük Usta Samuel Kvokun iştirakı ilə yadda qalıb.
Seminar çərçivəsində Heydər Əliyev Mərkəzinin qarşısında açıq hava təlimi keçirilib. Təlimdə iştirakçılar Vinq Çun döyüş sənətinin əsas texnikaları ilə tanış olublar, onlara bu texnikaların izahı və tətbiqi nümayiş etdirilib.
Qeyd edək ki, seminarın ikinci günü Türkiyədən dəvət olunmuş məhkəmə və kriminal psixologiya üzrə mütəxəssis, yazar və kunq fu və vinq çun ustası Sifu Murat Kaplanın sessiyası ilə davam edəcək. Təlim zamanı döyüş sənətində psixoloji hazırlığın əhəmiyyəti, stressin idarə olunması və psixoloji dayanıqlığın inkişafı mövzularına xüsusi diqqət yetiriləcək.






