"Qarabağ"ın Xankəndidə tələbələrlə görüşü olub

İşğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində sosial-iqtisadi, mədəni və idman həyatının yenidən qurulması və canlandırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Bu məqsədlə "Qarabağ"ın rəhbərliyi, baş məşqçisi Qurban Qurbanov və futbolçuları Xankəndidə tələbələrlə görüşüblər.
Qarabağ Universitetində baş tutan görüş zamanı təhsil ocağının rektoru Şahin Bayramov komanda üzvlərini salamlayaraq, onlara universitet barədə məlumat verib. "Qarabağ"ın əldə etdiyi nailiyyətlərdən də söz açan rektor komandaya gələcək oyunlarda uğurlar arzulayıb. "Qarabağ" klubu tərəfindən universitetə imzalı top və forma hədiyyə olunub.
Daha sonra komanda üzvləri Qarabağ Universiteti ilə tanış olublar. Universitetin İncəsənət fakültəsinin tələbələri akt zalında komanda üzvləri qarşısında çıxış edib. Futbolçular daha sonra şəhər gəzintisinə çıxaraq Xankəndidə aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Buradakı sakinlər futbolçu və məşqçi heyəti ilə şəkil çəkdiriblər.
Xatırladaq ki, tədbirin əsas məqsədi Qarabağ bölgəsindən olan və hazırda doğma yurdlarına qayıdan sakinlərə mənəvi dəstək olmaq, idmanın birləşdirici və ruhlandırıcı gücünü nümayiş etdirməkdir.
