Adil Axundovdan növbəti uğur: Avtomobil yarışında birinci yerin sahibi oldu

Bu gün keçirilən avtomobil yarışı gərgin və rəqabətli mübarizə ilə yadda qalıb. Yarışda çıxış edən peşəkar pilot Adil Axundov daha bir uğura imza ataraq birinci yerə layiq görülüb.

Adil Axundov bildirib ki, bu yarış onun üçün ilk deyil. O, iyunun 9-da eyni məkanda keçirilmiş oxşar yarışda da birinci yerin sahibi olub. Pilot həmin vaxtdan avtomobillərlə daha yaxından tanış olmaq imkanı əldə etdiyini qeyd edib.

"Bugünkü yarış iki mərhələdən ibarət idi. Birinci mərhələ seçim mərhələsi idi və 28 pilot arasından 12 ən güclü pilot seçildi. Daha sonra kvalifikasiya mərhələsi keçirildi. Orada ikinci yeri tutdum və yarışa ikinci yerdən başladım", – deyə Axundov bildirib.

O, startda düzgün strategiya seçdiyini və bu sayədə liderliyə yüksəldiyini vurğulayıb: "Yarışın əvvəlindən düzgün start alaraq birinci yerə çıxdım və finişə qədər mövqeyimi qorumağa çalışdım. Şükürlər olsun ki, buna nail oldum".

Qeyd edək ki, Adil Axundovun ardıcıl iki yarışda birinci yeri tutması onun bu idman növündəki istedadını və peşəkarlığını bir daha təsdiqləyir.

Müəllif: Bəhruz MƏMMƏDOV