Fərid Quliyev sonuncu yerdən ikinci yerə yüksəldi - Möhtəşəm geri dönüş!

Bakıda keçirilən avtomobil yarışında dramatik hadisələrə baxmayaraq, pilot Fərid Quliyev yüksək iradə və peşəkarlıq nümayiş etdirərək yarışı ikinci yerdə tamamlayıb.

Fərid Quliyev yarışdan sonra verdiyi açıqlamada yarışın və hazırlıq prosesinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb:

“Hazırlıq prosesi çox yüksək səviyyədə idi. Azərbaycan Avtomobil Federasiyasına və Bakı Şəhər Halqası komandasına təşəkkür edirəm. Yarış peşəkar şəkildə təşkil olunmuşdu və rəqiblərimin hamısı güclü idi.”

Quliyev dünən keçirilmiş sıralama mərhələsində ən yaxşı nəticəni göstərdiyi üçün bugünkü yarışa birinci yerdən start verib. Lakin startda baş verən texniki gecikmə və qəza səbəbindən ilk dövrədə sonuncu – 11-ci yerə geriləyib.

“Qəza nəticəsində ən arxa sıraya düşdüm. Buna baxmayaraq, qarşıda hələ 25 dövrə var idi. Özümə inandım və pilot yoldaşlarımı bir-bir keçərək, finişi ikinci yerdə başa vurdum,” – deyə o bildirib.

Fərid Quliyevin bu uğuru tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb və yarışın ən diqqətçəkən geri dönüş performanslarından biri kimi qiymətləndirilib.

Müəllif: Bəhruz MƏMMƏDOV