“Ən yaxşı idmançı belə tanıtıma ehtiyac duyur” - AKF prezidentinin köməkçisi

Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi Vüsal Abdullazadə ilə müsahibə

– Bu gün Azərbaycan idmanının inkişafında kommunikasiya və tanıtımın rolu getdikcə artır. Sizcə, bu istiqamətdə karate idman növü nə qədər irəlidədir?

– Doğrudur, bu gün idmanda təkcə nəticə ilə deyil, həmin nəticənin necə təqdim olunması ilə irəliləmək mümkündür. Karate Azərbaycanda kifayət qədər geniş yayılmış və uğurlu nəticələr əldə etmiş bir idman növüdür. Amma bu uğurların cəmiyyətə çatdırılması, idmançılarımızın tanıdılması və ümumilikdə brend olaraq karate idmanının formalaşdırılması üzərində daha sistemli işləməyə başlamışıq.

– Bəzən deyirlər ki, idmançı susmalıdır, yalnız nəticə ilə danışmalıdır. Bu fikirlə razısınızmı?

– Bu, bir qədər köhnəlmiş yanaşmadır. Nəticə əlbəttə ki, əsasdır, amma bu günün reallığında ən yaxşı idmançı belə tanıtıma ehtiyac duyur. Əgər onu tanıyan yoxdursa, onun uğuru yalnız statistikada qalacaq. Sosial media, televiziya, YouTube və digər platformalar idmançının həm fərdi brendini, həm də təmsil etdiyi ölkəni tanıtmaq üçün əvəzsiz vasitələrdir.

– Federasiya bu sahədə hansı təşəbbüslərlə çıxış edir?

– Bir neçə istiqamətdə ciddi addımlar atılır. İlk olaraq, federasiyanın media və PR komandası gücləndirilib. Yarışlardan, təlim-məşq toplanışlarından, beynəlxalq səfərlərdən mütəmadi olaraq peşəkar materiallar hazırlanır. İdmançılarımızın uğurları haqqında videoreportajlar, müsahibələr, sosial media paylaşımları hazırlanır. Eyni zamanda, gənc idmançıların mediadakı aktivliyini artırmaq üçün təlimlər də nəzərdə tutulur. İdmançının meydandakı uğuru qədər, onun meydandan kənarda necə təqdim olunduğu da önəmlidir.

– Sponsorluq məsələsinə toxunaq. Azərbaycanda karateyə maraq göstərən biznes qurumları varmı? Hazırda sponsorlu dəstək varmı?

– Hazırda açıq şəkildə qeyd edilməlidir ki, karate üzrə birbaşa sponsor yoxdur. Amma bu, ümidsizlik yox, keçid mərhələsidir. Hal-hazırda federasiya olaraq, brend quruculuğuna, sosial mediada aktivliyə və ictimaiyyətlə əlaqələrin gücləndirilməsinə fokuslanmışıq. Məqsəd karate idmanını həm idmançı, həm azarkeş, həm də potensial sponsorlar üçün daha cəlbedici formaya gətirməkdir.

Davamlılıq və keyfiyyətli fəaliyyət nəticəsində biznes qurumlarının da bu idmanın potensialını görəcəyinə inanırıq. Sponsorluq təkcə maddi dəstək deyil, həm də dəyər ortaqı olmaqdır. Gələcəkdə öz brendini sağlam həyat tərzi, nizam-intizam və vətənpərvərliklə bağlamaq istəyən şirkətlərlə tərəfdaşlıqlar qurulacağına əminik.

– Gələcək planlar nələrdir? Karateyə daha geniş auditoriya qazandırmaq üçün hansı strategiyalar üzərində işlənilir?

– Gələcək üçün əsas hədəflərdən biri karateyə olan marağı uşaq və yeniyetmələr arasında artırmaqdır. Bunun üçün tanıtım videoları, məktəblərlə əməkdaşlıqlar və açıq məşq günləri planlaşdırılır. Paralel olaraq, idmançıların beynəlxalq yarışlardakı çıxışları daha sistemli şəkildə ictimaiyyətə təqdim olunacaq. Əgər öz qəhrəmanlarımızı özümüz tanıtmasaq, başqası da tanıtmaz. Onları yalnız medal qazandıqda deyil, bu yola çıxanda da dəstəkləmək vacibdir.

– Federasiyanın fəaliyyəti və gələcək planları barədə danışarkən, rəhbərliyin rolu nə dərəcədə önəmlidir?

– Azərbaycan Karate Federasiyası prezidenti Ülvi Quliyev başda olmaqla, idarə heyətinin üzvləri və federasiyanın peşəkar komandası çağdaş düşüncələrə malikdir və yenilikçi yanaşmaları ilə seçilir. Onların dəstəyi və vizyonu sayəsində federasiya həm idman sahəsində, həm də kommunikasiya və tanıtım işlərində müasir trendlərə uyğun addımlar atır. Bu yenilikçi ruh, karate idmanının inkişafını sürətləndirmək və daha geniş kütlələrə çatdırmaq üçün böyük önəm daşıyır. Belə bir idarə heyətinin dəstəyi ilə gələcəkdə karate üzrə daha geniş layihələrin həyata keçiriləcəyinə və yeni sponsorluq imkanlarının yaranacağına əminik.

– Son olaraq, gənc karateçilərə və onların valideynlərinə nə demək istərdiniz?

– Karate yalnız idman deyil, həm də uşaqların şəxsiyyətinin formalaşmasında mühüm rol oynayan intizam, hörmət və dözümlülük məktəbidir. Yarış qazanmaqdan əlavə, bu yolda qazandığınız xarakter keyfiyyətləri həyatınız boyunca sizə rəhbərlik edəcək. Valideynlərə müraciətim odur ki, övladlarının seçdikləri bu yolun önəmini anlayaraq, onlara hər zaman dəstək olsunlar və onları ruhdan salmasınlar. Federasiya olaraq, gənclərin potensialını üzə çıxarmaq və onların inkişafı üçün bütün mümkün şəraiti yaratmağa hazırıq. Bu gün yetirdiyimiz istedadlar sabah ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcəklər.

Müəllif: Bəhruz MƏMMƏDOV