"Hazırlaşmaq üçün çox vaxtımız olmadı": Cəfərquliyev

ESTAFET/ Azərbaycan millisi sabah DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turunda Polşanın Krakov şəhərində Ukrayna yığması ilə qarşılaşacaq.

Oyundan bir gün əvvəl Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Konfransa milli komandanın müdafiəçisi Elvin Cəfərquliyev də qatılıb. O, oyunla bağlı bunları deyib:

“Sabah çox yaxşı komandaya qarşı çıxış edəcəyik. Müəyyən təlimatları almışıq. Çox vaxtımız olmadı bu oyuna hazırlaşmaq üçün. Amma çalışacağıq ki, sabah maksimum nəticə ilə stadiondan ayrılaq.

Düşünürəm ki, bərpa olunmuşuq. Fransa ilə oyuna nisbətən bəlkə də, sabah daha çox yorulacağıq. Həm ağıllı, həm də özümüzə inamlı şəkildə çıxış etməliyik. Dediyim kimi, hazırlaşmaq üçün çox da vaxtımız olmadı.

Fransa ilə oyunda yaxşı çıxış etmişdim. Öz performansımı qoyuram qırağa, komanda şəklində yaxşı çıxış etdik. Motivasiyalıyıq. Sabah qazanılacaq qələbə qrupdakı yerimizi də dəyişə bilər. Bunun da ayrı motivasiyası var”.

Müəllif: Natiq NƏSİROV