"Bu durumdan çıxmalıyıq": Ayxan Abbasov

ESTAFET/ “Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 8-ci turunun açılış matçında “Kəpəz”i qəbul edib.
1:4 hesabı ilə məğlub olan “şirlər”in baş məşqçisi Ayxan Abbasovun oyundan sonra mətbuat konfransı keçirilib. Abbasov üzücü məğlubiyyət olduğunu bildirib:
“Üzücü məğlubiyyət oldu. Azarkeşlərə dəstəyinə görə təşəkkür edirəm. Rəqibi təbrik edirəm. Bilirdik ki, “Kəpəz” hər oyuna fərqli motivasiya ilə çıxır.
İlk 15-20 dəqiqədə yaxşı oynadıq. Oyunun qırılma anı qırmızı vərəqə oldu. İkinci hissəni azlıqda keçirməyimizlə futbolçularımız ikiqat güc sərf etməli oldular. Futboldur, belə hallar olur. Futbolçularımın arxasındayam.
Şuaybunun günahı böyükdür. Ümumən, “qırmızılar”ı bağışlamıram. Çünki komandanı pis vəziyyətdə qoydu. Bəlkə də, özünü göstərmək istəyirdi, keçmiş komandasıdır.
Bu gün rəqibdə hər şey yaxşı alındı, bizdən üstün idilər. Millinin düşərgəsində olmağım məğlubiyyətə səbəb deyil. Keçən fasilədən sonra qayıdanda da ən yaxşı oyunlarımızdan birini keçirmişdik. Digər səbəblər var. Zədəli oyunçularımız var.
Məğlubiyyətlərdən sonra çətindir. Daha güclü olmaq lazımdır. Neçə illərdir Premyer Liqada çıxış edirik. Belə rəqiblərlə oyunda məğlub olmaq bağışlanmazdır. Bu durumdan çıxmalıyıq. Amma bu, futboldur və burda hər şey ola, istənilən nəticə qeydə alına bilər”.
