"Hələ heç nə etməmişik": Azər Bağırov

ESTAFET/ “Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 8-ci turunun açılış matçında “Şamaxı”nın qonağı olub.

Oyundan sonra bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib. Bağırov 4:1 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:

“Bu qələbəni azarkeşlərimizə, xüsusən də, balaca azarkeşimiz var idi, Babək, ona həsr edirəm. Çətin oyun olacağını bilirdik. Hələ heç nə etməmişik. “Şamaxı” necə oynayacağını bilən komandadır. Yaxşı ki, qələbə qazanıb, azarkeşlərimizi sevindirdik.

Babək Gəncədən gələndə mənə demişdi ki, Azər müəllim, qələbə qazanacağıq. Bu da mənə əlavə motivasiya oldu. Ona görə onu xüsusi vurğuladım.

İşimiz çoxdur. Paltardəyişmə otağında da dedim, hələ heç nə etməmişik. Komandam hələ ki, “rels”ə düşməyib. Sabah yenidən məşqlərə başlayacağıq.

Futbolda olur, Ehtiram, Şakir emosional davrandı. Şakir sonradan Ayxan müəllimdən (Ayxan Abbasov) üzr istədi. Futbolun bir hissəsidir bunlar.

Yəqin ki, qışı gözləyəcəyik. Çünki səhv etmək istəmirik. Güclənməyimiz mütləqdir”.

Müəllif: Bəhruz MƏMMƏDOV