"Günahın bir hissəsini boynuma alıram": Karlos Saynz

ESTAFET/ Ostindəki yürüş Williams komandası üçün uğursuz başa çatdı. Aleks Albon on dördüncü oldusa, Karlos Saynz Kimi Antonelli ilə toqquşduqdan sonra yarışdan çıxdı. Stüardlar baş vermiş insidentə görə ispaniyalı sürücünü günahkar bilib, onu Mexikodakı növbəti yarışın başlanğıcında beş yer cəzalandırıb və iki cərimə xalı veriblər.

Aleks Albon: "Məyusedici gün idi. Mən Hard təkərlərlə başladım, bu, adətən isti asfalt üçün yaxşı seçimdir. Lakin bu tərkibdə trassla heç bir uyum yox idi, ona görə də çox erkən pitə getməli oldum. Sonradan tempim yaxşı idi, lakin bəzən bu, qeyri-sabit idi və maşın döngələrin öhdəsindən gələ bilmirdi. Bu həftə sonu ritm tapdığımı hiss etmədim, amma ən azından komanda sprintdə bir neçə xal topladı və bəzi vacib məlumatlar topladı. Mexikoda keçiriləcək növbəti mərhələdə yaxşılaşdıracağımız bəzi şeylər var. Ümid edirəm ki, həftəsonu rahat keçər”.

Karlos Saynz: "Yarışın belə başa çatmasına məyusam, çünki avtomobil əla sürətə malik idi. Toqquşmadan bir neçə dövrə əvvəl mən Oliver Bermanı oxşar ötmə etdim, ona görə də 15-ci döngədə Antonellini içəridən keçməyə çalışdım. O, trayektoriya açdı, sonra qapını çırpdı - hətta gözlədiyimdən daha sərt. Reaksiya göstərməyə çalışdım və təmasa girməmək üçün güclü əyləc basdım, amma artıq gec idi və biz toqquşduq. Mən arxada idim, buna görə də günahın bir hissəsini boynuma alıram. Amma nəticədə bu şox acıdır, çünki bu insident ikimizə də yarış bahasına başa gəldi. Sürətli idik, ona görə də bu sürəti xallara çevirə bilmədik. Ancaq Mexikoda keçiriləcək növbəti raundda bunun əvəzini çıxacağıq”.

Müəllif: Natiq NƏSİROV