Bakıda Yapon avtomobilləri sərgisi keçirilib – növbəti sərgi Çin markalarına həsr olunacaq

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) tərəfindən təşkil olunan Yapon avtomobilləri sərgisi 10–12 aprel tarixlərində Park Bulvar AVMdə baş tutub.
Sərgidə hazırda bazarda aktiv satışda olan müxtəlif modellər nümayiş etdirilib. Tədbir Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə həyata keçirilib.
“Yapon avtomobilləri sərgisi” çərçivəsində Toyota, Nissan, Mazda, Mitsubishi və Lexus brendlərinə məxsus avtomobillər ziyarətçilərə təqdim olunub.
Festivalın açılış mərasimində AADA-nın Fəxri prezidenti Natiq Zərbəliyev və İdarə Heyətinin sədri Eyyub Əliyev iştirak ediblər.
Bildirilib ki, tədbir çərçivəsində müxtəlif müsabiqələr də təşkil olunub və qaliblərə VMF şirkətinin dəstəyi ilə hədiyyələr təqdim edilib.
Qeyd edək ki, AADA tərəfindən 24–26 aprel tarixlərində eyni məkanda Çin avtomobillərinə həsr olunmuş növbəti sərginin keçirilməsi planlaşdırılır.

