TƏMSİLÇİLƏRİMİZDƏN YANA KULAN FƏRQLƏNDİ: SULTANLAR LİQASI
ESTAFET/ Qadınlar arasında voleybol üzrə Türkiyə Superliqasında növbəti turun oyunları keçirilib. Yığma komandamızın bu liqada təmsil olunan oyunçuları da öz komandalarının heyətində meydana çıxıblar.
Millimizin hücumçusu Polina Rəhimova şərəfini qoruduğu "Fənərbaxa" bu tur "Nilufər Bələdiyyəsi" ilə qarşılaşıb və 3:0 (25:20, 25:18, 25:14) hesablı qələbə qazanıb. Polina oyunda 8 xal toplamağı bacarıb.
Yığmamızın kapitanı Odina Bayramova çıxış etdiyi "Seramiksan" evində "Qalatasaray"la qarşılaşıb və 1:3 (19:25, 20:25, 25:18, 16:25) hesablı məğlubiyyətə üzülüb. Kapitanımız oyunda cəmisi 3 xalla yadda qalıb.
Digər voleybolçumuz Yana Kulanın üzvü olduğu "Beylikdüzü" çempionatın iddialılarından olan "Halkbank"la səfərdə oynayıb. Komandasının 1:3 (15:25, 27:25, 15:25, 14:25) hesablı məğlub olduğu oyunda Yana 16 xalla sərrast oyunçu olub.