KÖNÜLLÜLƏRİN MÜSAHİBƏ PROSESİ BAŞLAYACAQ - F1 AZERBAIJAN GP
ESTAFET/ "Bakı Şəhər Halqası" Akademiyası ötən mövsüm olduğu kimi, növbəti mövsümdə də könüllülər və əməkdaşlar üçün müxtəlif mövzularda təlimlər təşkil etməkdədir. Akademiya bu mövsüm könüllülərin peşəkar inkişafına xüsusi diqqət yetirəcək. Könüllülərə onların gələcək peşəkar inkişafları üçün gərəkli olacaq mövzularda müxtəlif seminarlar təşkil ediləcək.
Bu sözləri Formula-1 yarışlarının Azərbaycanda təşkilatçısı olan "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova AzərTac-a müsahibəsində deyib.
İ.Əhmədova bildirib ki, seminarların hər biri həmin sahələr üzrə peşəkarlar tərəfindən aparılacaq. Bundan başqa, könüllülərin yarışa hazırlığını təmin etmək məqsədilə müxtəlif təlim proqramları və iki dildə danışıq klubları təşkil ediləcək. Eyni zamanda, noyabrın 20-dən Akademiyada könüllülərin müsahibə prosesi təşkil ediləcək və seçilmiş könüllülər növbəti mərhələlərə dəvət şansı əldə edəcəklər.
"Akademiya beynəlxalq qurumlarla əməkdaşlıq etmir. Könüllülər proqramı ilə əlaqədar Təhsil Nazirliyinin "Bir" Tələbə Könüllü Proqramı və "ASAN xidmət"lə imzalanmış memorandumlara əsasən əməkdaşlığımız davam edir. Gələcəkdə birgə tədbirlər və təlimlərin keçirilməsi nəzərdə tutulub" - deyə İ.Əhmədova vurğulayıb.