Batut gimnastikası üzrə Dünya çempionatı başa çatıb
ESTAFET/ Bolqarıstanın paytaxtı Sofiyada batut gimnastikası üzrə Dünya Çempionatı başa çatıb. öz işinə yekun vurdu. Ümumilikdə 34 ölkə gimnastlarının qatıldığı çempionatda Azərbaycan Svetlana Makştaryova, Veronika Zemlyanaya, Oleq Piunov, İlya Qrişunin və Ruslan Ağamirovla təmsil olunub.
Bu idman növü üzrə gimnastlarımız artıq 4-cü dəfədir ki, Dünya Çempionatında öz güclərini sınayıblar. Gimnastlarımızdan Svetlana və Veronikadan ibarət qadın cütlüyümüz sinxron proqramda ilkə imza ataraq, finala qədər yüksəlməyi bacarıblar. Qızlarımız həlledici mərhələdə yarışları 7-ci yerdə başa vurublar. Svetlana həmçinin fərdi proqram üzrə də 60 ölkənin iştirakçısı arasından yarım-finala yüksəlmiş və bu mərhələdə 17-ci yerlə kifayətlənmişdir.
Bu turnir ölkəmiz üçün daha bir hadisə ilə əlamətdar olub. Belə ki, məhz batut gimnastikası üzrə Dünya Çempionatında ilk dəfə olaraq Azərbaycan təmsilçisi Kamil Quliyev yarışlarda hakimlik edib.
Çempionatın ardınca Sofiya şəhəri növbəti mötəbər turnirə - Dünya Yaş qrupu Yarışlarına ev sahibliyi etməyə hazırlaşır. 16-19 noyabr tarixlərində keçiriləcək yarışlarda ölkəmizi batut və tamblinq üzrə gimnastlarımız Mixail Malkin, Adil Hacızadə, Tofiq Əliyev, Zeynəb Qasımlı və Selcan Mahsudova təmsil edəcəklər.
Xatırladaq ki, 2018-ci ilin 12-15 aprel tarixlərində batut, ikili mini batut və tamblinq üzrə 26-cı Avropa Çempionatını Bakı şəhəri qəbul edəcək.