"GABALA OPEN" BEYNƏLXALQ TURNİRİ KEÇİRİLƏCƏK
ESTAFET/ Qəbələ Olimpiya İdman Kompleksində "Qəbələ" idman klubunun təşkilatçılığı və Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə taekvondo üzrə "Gabala Open" beynəlxalq açıq birinciliyi keçiriləcək.
Noyabrın 17-də başlayacaq yarışa Türkiyə, Rusiya, İraq, Gürcüstan və eləcə də respublikanın regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri, taekvondo bölmələri və klublardan 500-dən artıq idmançı qatılacaq. Üç gün davan edəcək yarışın təşkilində məqsəd ölkədə taekvondonun təbliği, bölgələrdə idmanın bu növünün inkişafına təkan vermək, idmançıların yarış təcrübəsinin və ustalığının artırılmasıdır. Turnirdə 2006-2007-ci il və 2008-2009-cu il təvəllüdlü uşaqlar, 2003-2005-ci il təvəllüdlü yeniyetmələr, 2000-2002-ci il təvəllüdlü gənc idmançılar mübarizə aparacaqlar.
Yarışı ATF-in hakimləri idarə edəcəklər. "DAEDO" beynəlxalq taekvondo qaydaları üzrə keçiriləcək turnirin sonunda fərdi və komanda hesabında ilk üç yeri tutan idmançılar kubok, müvafiq diplom və medallarla mükafatlandırılacaqlar.