TAEKVONDOÇULAR FİNAL MƏRHƏLƏSİ ÜÇÜN DÖYÜŞƏCƏKLƏR

ESTAFET/ Dünya Taekvondo Federasiyası tərəfindən Çin Xalq Respublikasının Usi şəhərində "Böyük Dəbilqə" seriyasının seçmə mərhələsi olan beynəlxalq açıq turniri keçiriləcək. Olimpiya çəki dərəcələrində təşkil edilən G1 kateqoriyalı təsnifat turniri 23-24 noyabr tarixlərində baş tutacaq. Yarışda mükafatçılar sırasında yer alan taekvondoçular dekabr ayının sonlarında keçiriləcək "Böyük Dəbilqə" seriyasının final yarışlarına lisenziya əldə etmiş olacaq.

 

Yarışda ölkəmizi kişilərdən ibarət milli yığma komandamız 8 idmançı ilə təmsil edəcək. Baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Rəşad Əhmədovun sərəncamında olan taekvondoçulardan Qaşım Maqomedov və Əli Məmmədov (hər ikisi 58 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov və Əliəsgər Əliyev (hər üçü 68 kq), Səid Quliyev (80 kq), Ramin Əzizov, Payam Qobadi Oğaz (hər ikisi +80 kq) mübarizə aparacaq. Komandamız turnirdə iştirak etmək məqsədi ilə bu gün Çinə yollanır.