Tamblinqçilərin çıxışları başa çatıb
ESTAFET/ Bu gün Milli Gimnastika Arenasının köməkçi zalında gimnastikanın 4 növü üzrə keçiriləcək birgə yarışların ilk günü start götürüb. Belə ki, Azərbaycan Çempionatı və Bakı Birinciliyi yarışlarına ilk olaraq tamblinqçilər qatılıb.
4 yaş qrupunda (balacalar, yeniyetmələr, gənclər, böyüklər) mübarizə aparan kişi və qadın tamblinqçilər Bakı Gimnastika Məktəbi, Nizami rayonu İdman Məktəbi, Ocaq Sport və Neftçi klublarını təmsil ediblər.
Turnirdə azyaşlı idmançılarla yanaşı, ötən həftə Sofiyada (Bolqarıstan) ölkəmizi layiqincə təmsil edərək, tamblinq cığırında qızıl medal qazanan, yığma komandamızın üzvü Mixail Malkin də çıxış edib.
Qeyd edək ki, 24-25 noyabr tarixlərində artıq arenanın əsas zalında meydançanı aerobika təmsilçiləri və bədii gimnastlar bölüşəcəklər. Turnirin son günü (26 noyabr) isə bədii gimnastlarla yanaşı, batutçular da mübarizəyə qoşularaq öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər.