Karlsen Dünya çempionatında iştirakını təsdiqlədi

ESTAFET/ Sürətli şahmat üzrə (rapid və blitz) Dünya çempionatı 26-30 dekabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçiriləcək. Ərəblər yarışa ən güclüləri cəlb etmək üçün bir sıra addımlara əl atıblar. Bunlardan ən cəlbedicisi kimi, yarışın mükafat fondunun 2 milyon dollar olmasını qeyd etmək olar. Həmçinin, bu ilin sentyabr-noyabr ayları üzrə yüksək reytinqli  182 şahmatçının (88 kişi və 94 qadın) yol, otel və qida xərclərinin ödənməsini də əlavə etsək ərəblərin yarışın nüfuzu üçün ciddi xərc çəkəcəkləri bəllidir. 

 

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yarışın keçiriləcəyi yeri elan etdikdən həmən sonra bir çox məşhur qrossmeyster tərəfindən böyük narazılıq və yarışdan imtinalar baş verdi. Narazılar imtinalarını ev sahibi ölkədə insan hüquqlarının pozulması, qadınların baş örtüyündə oynamağa məcbur edilməsi kimi nüanslarla əsaslandırırlar.

 

Lakin, bütün bunlara baxmayaraq, təxmin etmək olar ki, şahmat elitasının əksər üzvləri mundialda iştirak edəcək. Şahmatın hər 3 növü üzrə Dünya çempionu Maqnus Karlsenin, Şəhriyar Məmmədyarovun, Vasiliy İvançukun, Vişvanatan Anandın, Sergey Karyakinin, Levon Aronyanın artıq yarış üçün qeydiyyatdan keçmələri bunu deməyə əsas verir.

 

Qedy edək ki, əvvəlcə yarışa qeydiyyat üçün son tarixin bu gün olduğu elan edilsə də, FIDE bu tarixi noyabrın 30-adək uzadıb.