4 günlük gimnastika yarışları başa çatdı
ESTAFET/ 23-26 noyabr tarixlərində Milli Gimnastika Arenasında gimnastikanın 4 növü - Batut və Tamblinq üzrə Azərbaycan Çempionatı və Bakı Birinciliyi, Bədii Gimnastika üzrə Bakı Çempionatı və Birinciliyi, həmçinin Aerobika Gimnastikası üzrə Azərbaycan və Bakı Çempionatı təşkil olundu.
Yarışların ilk gününə tamblinqçilər start verib. Gimnastlar 4 yaş qrupunda mübarizə apararaq, öz aralarında ən güclüləri müəyyən ediblər.
Turnirin ikinci və üçüncü günü isə bədii və aerobika gimnastlarının çıxışları ilə baş tutub. Xalça üzərində alətlərlə öz bacarıqlarını sərgiləyən bədii gimnastlar böyüklər, yeniyetmələr, balacalar yaş kateqoriyasında mübarizə aparıblar.
Açıq elan olunan Aerobika gimnastikası yarışlarında çempionatda yerli gimnastlarla yanaşı, Macarıstan, Rusiya, Estoniya, Bolqarıstan və Almaniya təmsilçiləri də iştirak edib. Burada 7-8 və 9-11 yaş, həmçinin yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında olan gimnastlar mübarizə aparırdılar.
Son olaraq yarışlara batutçular qatılıb. İdmançılar balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında öz proqramlarını icra edərək, mükafatçıları müəyyən ediblər.