RİKKARDO QALİBİ OLDUĞU TREKİN GƏZİNTİSİNDƏ - FOTOLAR

ESTAFET/ 2017 Formula 1 Dünya Çempionatı baş çatdıqdan dərhal sonra Red Bull komandasının pilotu Daniel Rikkardo dünən Bakıya gəlib. Çempionatın 5-ci ən güclü pilotu seçilən D.Rikkardo ötən yay Bakı Şəhər Halqasında baş tutmuş möhtəşəm yarışı birinci bitirməklə builki çempionatda qazandığı yeganə qələbənin sevincini təkrar yaşamaq üçün Azərbaycanın paytaxtına səfər edib.


Formula 1 təqvimində yer alan ən yeni şəhər treki olan Bakı Şəhər Halqası bu yay 2017 Formula 1 Dünya Çempionatının ən həyəcanlı və ən dramatik yarışınlarından birinə ev sahibliyi edib. Avtoidman tarixinin unudulmaz günlərindən biri sayılan bu yarışda məşhur "Red Bull" pilotu möhtəşəm çıxış nümayiş etdirərək podiumun ən yuxarı pilləsinə çıxdı. Sıralanma turunda keçirdiyi qəza nəticəsində yarışa 10-cu yerdə başlayan Rikkardo trekdə olan qırıntılara görə bolidin tormoz sisteminin həddindən artıq qizması səbəbindən 5-ci dövrədə pit-stop etmək məcburiyyətində qaldı. Buna baxmayaraq, o böyük əzm nümayiş etdirərək itirdiyi mövqeləri təkrar qazanaraq yarışı ən öndə başa vurdu. 


Luis Hamiltonla Sebastian Fettelin trekdə toqquşması son illər Qran Pri yarışlarında qeydə alınmış ən yaddaqalan hadisələrdən biri oldu və həmçinin 18 yaşlı Lens Strol məhz bu yarışda Formula 1 tarixində podiuma çıxan ən gənc pilot ünvanını qazandı. Bu məqamlar Azərbaycanın paytaxtı Bakı şəhərinin gözoxşayan mənzərəsi fonunda və Formula 1 təqvimində yer alan ən çətin treklərdən bir olan Bakı Şəhər Halqasında baş tutmuş möhtəşəm yarışı unudulmaz etdi.


Rikkardo Bakıya səfərinin ilk günündə möhtəşəm qələbə qazandığı trekdə gəzintiyə çıxdı və trekin ən maraqlı yerlərinə, o cümlədən Formula 1 tarixində ən əlamətdar yerlərdən birinə çevrilmiş 7,6 metrlik ən ensiz hissəyə - İçəri Şəhər divarlarının yanından keçən 8-11-ci döngələrdəki hissəyə baş çəkdi. Həmçinin o, Bakının tarixi Qız Qalasının yaxınlığında yerləşən 18-ci döngədə və trekin gözəl mənəzərəyə sahib dənizkənarı bulvara paralel olaraq uzanan "iki istiqamətli" hissəsində də oldu.