"BAKIDA OLMAĞIMA ÇOX ŞADAM": RİKKARDO
ESTAFET/ Xəbər verdiyimiz kimi, ünlü Formula 1 pilotu, "Red Bull" komandasının üzvü Daniel Rikkardo Bakıda səfərdədir. Rikkardo yenidən çempionluq sevinci daddığı şəhərdə olmaqdan böyük məmnunluq duyduğunu bildirib:
"Bu gün Bakıda olduğuma görə çox şadam. Bildiyiniz kimi artıq yarış mövsümü başa çatdı və bu mövsüm ərzində ən xoşbəxt anları yaşadığım yerdə yenidən olmaq həqiqətən də çox möhtəşəmdir. Mən indiyədək belə maraqlı keçən yarışda iştirak etməmişəm. Yarışa 10-cu yerdə başladım, sonra arxa sıralara gerilədim və yarışın sonunda ən önə keçərək qələbə qazandım. Bu, hər bir pilotun arzusunda olduğu möhtəşəm yarış idi. Eyni zamanda bu yarış çox əyləncəli idi. Bu Qran Pri mənim ən çox sevdiyim yarışlardan birinə çevrilib. Mən şəhər treklərində yarışmağı sevirəm və bu trek olduqca sürətlidir. Burada olduğum hər səfərdə - bu gün də daxil olmaqla böyük mehribanlıq və qonaqpərvərliklə qarşılanmışam. Bu şəhər həqiqətən çox gözəldir və avtoidmanın yeni azarkeşlərinə burada bizim təqdim edə biləcəyimiz bütün gözəlliklər mövcuddur. Mən apreldə yenidən Bakıya gəlməyi səbrsizliklə gözləyirəm və ümid edirəm ki, burada bu səfər yarışa daha ön sıralarda başlayaraq təkrar qələbə qazanacağam!"
Qeyd edək ki, Rikkardo səfər çərçivəsində trek gəzintisindən əlavə Bakıda yerli azarkeşlər, media nümayəndələri və BŞH-nin kollektivi ilə silsilə görüşlər keçirəcək.