MÜNAQİŞƏLİ ÖLKƏLƏRLƏ BAĞLI QƏRAR VERİLDİ
ESTAFET/ 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin və Millətlər Liqasının püşkatma mərasimləri zamanı Azərbaycan və Ermənistan yığma komandalarının ayrı-ayrı qruplara salınacağı dəqiqləşib. Bu barədə UEFA prezidenti Aleksander Çeferin məlumat verib. O, bu gün baş tutan İcraiyyə Komitəsinin iclasından sonrakı mətbuat konfransında bildirib ki, eyni qayda Rusiya və Ukraynaya da şamil olunacaq.
Çeferin belə bir addımı ölkələr arasındakı münasibətlərin qaydasında olmaması üzündən atdıqlarını söyləyib.
D liqasında mübarizə aparacaq Azərbaycan millisi Makedoniya, Belarus və Gürcüstanla birgə birinci səbətdə yer alıb.
Bu liqada digər səbətlərin tərkibi aşağıdakı kimidir:
2-ci səbət: Ermənistan, Latviya, Farer adaları, Lüksemburq.
3-cü səbət: Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta.
4-cü səbət: Andorra, Kosovo, San Marino, Cəbəllütariq.
Millətlər Liqasının püşkü yanvarın 24-də Lozannada atılacaq. D liqasında qrup qalibi olacaq 4 ölkə 2019-cu ilin iyununda play-off sistemində çempionluq uğrunda mübarizə aparacaq.
AÇ-2020-nin püşkatma mərasimi 2018-ci ilin dekabr ayında İrlandiyanın paytaxtı Dublində baş tutacaq. Qitə birinciliyinin final mərhələsinin oyunları isə 12 şəhərdə, o cümlədən, Bakıda keçiriləcək.