"DEYƏCƏK BİR SÖZÜM QALIB..." - ARİF RƏHİMOV

ESTAFET/ Xəbər verdiyimiz kimi, Formula 1 üzrə Dünya çempionatının bu il keçirilən Azərbaycan Qran Prisi məşhur beynəlxalq media orqanlarının apardığı qiymətləndirməyə görə ən həyəcanlı yarışı kimi qiymətləndirilib. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov bu qiymətləndirmələrin nəticələrinə belə münasibət bildirib:

 

"Biz çox şadıq ki, ötən yay Bakıda baş tutmuş Azərbaycan Qran Prisi bütün dünyada avtoidman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Burada fürsətdən istifadə edərək BŞH-nin bütün kollektivinə öz təşəkkürümü bildirirəm. Məhz onların əməyi və əzmi nəticəsində biz 2017-ci ildə belə bir möhtəşəm yarışı reallaşdırdıq. Bakıda baş tutan ikinci Formula 1 yarışı onu göstərdi ki, trek bizim uzun müddətdir həyata keçirməyə çalışdığımız ən baxımlı yarışa ev sahibliyi etməklə artıq öz xüsusiliyini ortaya qoya bilib. Son illər belə dramatik hadisələr və gərginliklə dolu başqa bir yarışı xatırlamaq mümkün deyil. Bundan başqa, ötən yarışda həm yerli, həm də beynəlxalq tamaşaçıların yarışa göstərdiyi maraqda böyük artım qeydə alındı və həmçinin 2017-ci ilin ən yaxşı yarışını reallaşdırmaqla yanaşı Formula 1 həvəskarlarına unudulmaz əyləncə proqramı təqdim etdik. Biz əminik ki, 2018 Formula 1 Azərbaycan Qran Prisi trekdə və trekdən kənardakı möhtəşəm məqamları ilə bütün avtoidman həvəskarlarına əvvəlkilərdən daha artıq həyəcanlı anlar bəxş edəcək. Yeri gəlmişkən bütün Formula 1 azarkeşlərini gələn ilin aprelində Bakı şəhərinə gəlib yarışı yerində canlı izləməyə dəvət edirəm. Deyəcək tək bir sözüm qalıb: Gözlənilməyəni gözləyin! Gələn il Bakıda görüşənədək".

 

Qeyd edək ki, Bakıda növbəti Formula 1 yarışı 27-29 aprel 2018-ci il tarixlərində keçiriləcək.