Jurnalistlər üçün ikigünlük təlimlər başa çatdı
ESTAFET/ Xəbər verdiyimiz kimi, dünəndən etibarən Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yerli idman jurnalistləri üçün Formula 1 ilə əlaqədar "Sürətin nəbzini tut - 2" adlı ikigünlük praktiki təlimləri başlayıb.
Bakı şəhərində yerləşən "Hyatt Regency" otelinin "Şuşa" zalında təlimlərin ikinci günü beynəlxalq təcrübəyə malik multimedia mütəxəssisi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) İdman Jurnalistikası Proqramının rəhbəri Dan Mason jurnalistlərlə görüşüb. Təcrübəli mütəxəssis Formula 1 idman növünə yanaşma, fəaliyyətin necə qurulması, əldə edilən xəbər və görüntülərin media, sosial şəbəkələr, mobil tətbiqatlar vasitəsilə daha səmərəli və məhsuldar istifadə qaydalarını jurnalistlərlə bölüşüb.
Təlim zamanı jurnalistlərə fərdi qaydada praktiki tapşırıqlar verilib, bir sıra mobil tətbiqlər üzərində işləmək bacarıqları yoxlanılıb.
Xatırladaq ki, təlimin keçirilməsində əsas məqsəd yerli idman jurnalistlərinin avtoidman sahəsində ixtisaslaşmış peşəkar xarici mütəxəssislərin təcrübəsindən faydalanmasını təmin etmək idi.