Media üçün akkreditasiya prosesinə start verildi - FORMULA 1

ESTAFET/ Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 27-29 aprel 2018-ci il tarixlərində üçüncü dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə yerli media nümayəndələrinin akkreditasiyası prosesinə başlayıb.


Azərbaycan Qran Prisi daxil olmaqla bütövlükdə 2018 FIA Formula 1 Dünya Çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur.


Yerli media nümayəndələrinin yarışa qeydiyyatı əməliyyat şirkətinin vasitəçiliyi ilə həyata keçirilir. 


Akkreditasiya prosesi 31 yanvar 2018-ci il, saat 17:00-dək davam edəcək. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq. 

 

Akkreditasiya prosesi ilə əlaqədar əlavə məlumat əldə etmək istəyənlər (+99412) 4041383 nömrəsinə zəng edə və ya accreditation@bakugp.az email ünvanına yaza bilərlər.