"Hamıya bu prosesdə uğurlar arzulayıram" - Arpadarai
ESTAFET/ Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti 2018-ci ilin 27-29 aprel tarixlərində ölkəmizdə üçüncü dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün yerli media nümayəndələrinin qeydiyyatına satrt verib. BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri, Milli Mətbuat Katibi Nigar Arpadarai yerli media nümayəndələrini tezliklə yarışa qeydiyyatdan keçməyə dəvət edib:
"Hər ötən il daha çox sayda yerli media nümayəndələrinin yarışda iştirak etməsi bizi çox sevindirir. Bu il də bütün gücümüzü səfərbər etmişik ki, Azərbaycan Qran Prisində çox sayda yerli media təmsilçisi iştirak edərək, yarışı ölkə ictimaiyyəti üçün yüksək səviyyədə işıqlandıra bilsin.
Bildiyiniz kimi, Formula 1 yarışlarında iştirak edəcək media nümayəndələri müəyyən kriteriyalara tabe tutulurlar və yalnız müvafiq yüksək göstəricilərə malik jurnalistlər FIA və FOM-un təsdiqi ilə yarışa buraxılırlar.
Biz də öz növbəmizdə ilboyu çalışırıq ki, ölkəmizdə Formula 1-dən yazan jurnalistlərin sıraları genişlənməklə və xəbərlərin keyfiyyəti daha da yüksəlməklə akkreditasiyanın tələblərinə cavab verən yerli media nümayəndələrinin sayısı artsın.
Fürsətdən istifadə edərək bütün yerli jurnalistləri gecikmədən 2018 Formula 1 Azərbaycan Qran Prisinə qeydiyyatdan keçməyə dəvət edirəm. Hamınıza bu prosesdə uğurlar arzulayıram!"
Akkreditasiya prosesi ilə əlaqədar əlavə məlumat əldə etmək istəyənlər (+99412) 4041383 nömrəsinə zəng edə və ya accreditation@bakugp.az email ünvanına yaza bilərlər.
Qeyd edək ki, əməliyyat şirkəti yanvarın 8-də yerli media nümayəndələri üçün 2018 Formula 1 Azərbaycan Qran Prisinin akkreditasiya prosesi ilə bağlı seminar keçirəcək. Bu seminarda iştirakçılara akkreditasiyaya dair geniş məlumat veriləcək və həmçinin qeydiyyat prosesi ilə əlaqədar bütün qaranlıq məqamlara aydınlıq gətiriləcək.