Şəhriyarın "şahlıq" şansları: Tata Steel Chess 2018

ESTAFET/ Artıq sabahdan etibarən, bütün şahmatsevərlərin hər ilin əvvəli səbirsizliklə gözlədikləri "şahmat bayramı" start götürəcək. Belə ki, Hollandiyanın Veyk-an-Zee şəhəri ənənəvi "Tata Steel Chess Tournament" superturnirinə ev sahibliyi edəcək. Doğrudur turnirin ənənəsinə uyğun olaraq, oyunlar adətən 2 və ya 3 şəhərdə baş tutur, lakin hər kəs tərəfindən start götürdüyü şəhərin adı ilə əlaqədar Veyk-an-Zee turniri kimi qəbul edilir.

 

Bir az turnir haqda...

Bu il yubiley - sayca 80-ci dəfə keçiriləcək superturnir həmişəki kimi superheyəti ilə fərqlənir. Dünya reytinq sıralamasının ilk 10-luğunda qərarlaşan şahmatçılardan 5-nin, əlalxüsus da dünya şahmatının şübhəsiz lideri norveçli Maqnus Karlsenin (2834) burada iştirakı artıq turnirin səviyyəsindən xəbər verir. Maqnusdan başqa, turnirdə Fabiano Karuana (ABŞ, 2811), Uesli So (ABŞ, 2792), Vladimir Kramnik (Rusiya, 2787), Pyotr Svidler (Rusiya, 2768), Vişvanatan Anand (Hindistan, 2767), Sergey Karyakin (Rusiya, 2753), Aniş Qiri (Hollandiya, 2752), Vey Yi (Çin, 2743), Maksim Matlakov (Rusiya, 2718), Hou Yifan (Çin, 2680), Başikaran Adiban (Hindistan, 2655) və Qavayn Cons (İngiltərə, 2640) iştirak edirlər. 

 

Qavayn Cons turnirə ötən ilki B turnirin qalibi, Hou Yifan qadınlar arasında Dünya çempionu, Maksim Matlakov isə "ACP Tour"un qalibi kimi qatılır. Digərləri isə, təşkilatçılar tərəfindən əvvəlcədən müəyyənləşdirilmiş reytinq və dəvətə görə buradadırlar. 

 

Turnirin orta reytinq göstəricisi 2750, kateqoriyası isə 20-dir. 

 

Şəhriyarın şansları haqda...

Təbii ki, hər bir azərbaycanlı şahmatsevəri bu turnirdə iştirak edən ölkəmizin ən güclü şahmatçısı Şəhriyar Məmmədyarovun (2804) çıxışı maraqlandırır. Geridə qoyduğumuz 2017-ci ili karyerasının ən uğurlu ili kimi başa vuran qrossmeysterimiz hazırda əla formadadır. Turnirdə uğurlu çıxış fonunda Şəhriyar Dünya çempionu Karlsenin uzun illərdir davam edən dünya reytinq sıralamasındakı zirvə hegemonluğuna son qoya bilər. Bunun üçün, zəka sahibimizə turniri heç olmasa ən azı +5, ən yaxşı halda +6 üstünlüklə başa vurması kifayət edəcək. Ötən il kifayət qədər nüfuzlu titullar qazanan şahmatçımız üçün bu heç də mümkün olmayan bir tapşırıq olmamalıdır. Belə ki, 2017-ci ildə Şəhriyar komandalararası Avropa çempionluğunu, klublararası Rusiya çempionluğunu, mərhum qrossmeysterimiz Vüqar Həşimov xatirəsinə keçirilən nüfuzlu "Shamkir Chess 2017" superturnirini qazanıb. Ən əsası isə, FIDE Qran Pri seriyasındakı gözəl çıxışı ilə, yekunda Seriyanın 1 nömrəsi kimi Dünya Tacı uğrunda görüşə vəsiqə verən və bu ilin mart ayında Almaniyada keçiriləcək İddialıların Turnirinə iştirak hüququ qazanıb. 

 

Bütün bu sadaladıqlarım Şəhriyarın "şahlıq" şansının heç də yerinə yetirilməyəcək bir tapşırıq olmadığı qənaətinə gəlmək üçün kifayət edir. Uğurlar Şəhriyar!!!

 

Natiq NƏSİROV

nnasirov@estafet.az 

Müəllif: Natiq NƏSİROV