“Hiss etdim ki, Qurbanov yeni müqavilə bağlamağımı istəmir” - Ndlovu
ESTAFET/ “Xançjou Qrintaun”un həm özüm, həm də ailəm üçün ən doğru qərar olduğunu düşünürəm”. Bu sözləri qış fasiləsində “Qarabağ”dan “Xançjou Qrintaun”a keçən Dino Ndlovu deyib.
Çin klubu ilə 2 illik müqavilə imzalayan CAR millisinin hücumçusu kickoff.com saytına açıqlamasında bu seçiminə aydınlıq gətirib.
Ndlovu “Qarabağ”dan ayrılmaq qərarına Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovla görüşdən sonra gəldiyini vurğulayıb: “Hələlik Çində hər şey yaxşıdı. Bir şikayətim yoxdu. Hündürlüyə və yuxu rejiminə uyğunlaşmağa çalışıram. Fərdi hədəflərim heç vaxt dəyişməyib. Sadəcə, ən yaxşısını etməyə çalışıram. Necə ki, “Qarabağ”da bunu edirdim. Çoxlu qol vurmaqla komandamın Superliqaya vəsiqə qazanmasına kömək etmək istəyirəm. “Qarabağ”ı tərk etmək istəmirdim. Ancaq müqavilə müddətim başa çatırdı. İmkan tapıb baş məşqçi ilə yeni müqavilə haqda danışdım. Hiss etdim ki, o, mənimlə sözləşmə müddətinin uzadılmasını istəmir. Özümlə və ailəmlə bağlı realist olmalıydım. Gələcəyimi təminat altına almaq istəyirdim. Çünki bir daha gənc olmayacam, yaş artır. Ona görə də, bu imkandan yararlanmaq və Çinə gəlmək qərarına gəldim”.
Qeyd edək ki, Dino Ndlovu “Qarabağ”ın heyətində keçirdiyi 59 matçda 24 qola imza atıb.
Mənbə: (APASport)