"Məqsədimiz birinci yeri tutmaqdı": Elxan Məmmədov

ESTAFET/ Milli komandamızın Moldova ilə hazırlıq oyunundan əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

 

- Millidə yeni dövr başlayır. Nə gözləyirsiz yığma komandadan?

- Millətlər Liqası bizim üçün yeni imkanlar, şanslar yaradır. Artıq rəqiblərimiz də bəllidi. Bəziləri ilə yaxın keçmişdə oynamışıq, tanış komandalardı. Artıq sabah ilk yoxlama oyunu keçirəcəyik. Əsas məqsəd futbolçuları yoxlamaqdı. Martda ikinci sınaq matçımız da olacaq. Mayın sonu və iyunun əvvəlində fürsətdən yararlanıb bir neçə oyun yenə keçirəcəyik.

 

- Kosovo ilə oyun alınmadı, onun əvəzinə vaxt az olsa da, başqa komanda axtarışı varmı?

- Püşkdən sonra baş məşqçi ilə məsləhətləşib oyunu keçirməməyi qərara aldıq. Yeni komanda tapmaq olardı, amma milli komanda olmadığı üçün razılaşmadıq.

 

- Kosovo ilə səfər oyunu hansısa diplomatik problemlər yaratmayacaq?

- Kosovo idman qurumu olaraq BOK, FİFA və UEFA üzvü olaraq artıq Azərbaycana səfər edib. Onların U-21 komandası da Bakıya gəlib. Bu addımı atmamışdan qabaq Xarici İşlər Nazirliyi ilə dəqiqləşdirdik və UEFA-ya bildirdik. Oyundan öncə bir daha XİN ilə məsləhətləşəcəyik, düşünürəm ki, bir problem olmayacaq.

 

- Bir neçə baş məşqçi ilə çalışmısınız. Yeni təyinat millidəki ab-hava baxımından hansısa dəyişiklik yaradıbmı?

- Bundan əvvəlki iki əcnəbi baş məşqçi ilə işlədik. Bura gələnə qədər onları tanımırdıq. Amma Qurban müəllimi 10 ildir ki, yaxından tanıyırıq. Əvvəl də futbolçu kimi azarkeşlik edirdik. İndi bilirəm ki, sürprizlər olmayacaq. Əcnəbilərlə həmişə hansısa gözlənilməzlik olurdu. Əsas məsələ uzunmüddətli düşünməkdi və bütün yaş qrupları üzrə yığmaların eyni sistemlə oynamasıdır.

 

- Millətlər Liqasındakı qrupa baxarkən futbol ictimaiyyəti düşünür ki, bu qrupdan mütləq çıxmalıyıq. Baş katib olaraq siz nə düşünürsüz?

- Məqsədimiz birinci yeri tutmaqdı. Düşünürəm ki, komanda bunu bacaracaq gücdədi. 

Müəllif: Orxan NOVRUZOV