"Qələbə üçün mübarizə aparacağıq": da Silva

ESTAFET/ Sloveniyanın Lyublyana şəhərində təşkil edilən futzal üzrə Avropa çempionatının final mərhələsində bu gün keçirilən Fransa – Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisi öz fikirlərini açıqlayıb. Millimizin braziliyalı baş məşqçisi Jose Alesio da Silvanın səsləndirdiyi fikirlərini diqqətinizə çatdırırıq. 


“Komandam oyuna yaxşı hazırlaşmışdı. Fransa ilə oyunun bizim üçün final matçına bərabər olduğunu hamımız anlayırdıq. Oyun ərzində müəyyən gərgin anlar oldu. Hətta hesabda geriyə də düşdük. Ancaq oyunçularım tez bir zamanda toparlanmağı və oyun intizamını qorumağı bacardılar. Onlar məşq zamanı dediklərimi tətbiq etdilər. Ardıcıl 2 qol vurduq və hesabı lehimizə dəyişdikdən sonra psixoloji üstünlüyə də sahib olduq. Fransa millisi sona qədər mübarizə apardı. Onlar məğlubiyyətlə barışmaq istəmirdilər. İspaniya ilə oyunda qazandıqları 1 xal onlarda inam yaratmışdı. Təzyiq altında meydana çıxsaq da, vacib qələbə qazandıq. Bizi qrupda İspaniya ilə matç gözləyir. 1/4 finala vəsiqəni təmin etməyimizə baxmayaraq, qələbə qazanmaq üçün mübarizə aparacağıq. Çünki qrup mərhələsini birinci pillədə başa vurmaq şansımız var. Təbii ki, ispanlar da mübarizəni davam etdirmək üçün qələbə qazanmağa çalışacaqlar”.

Müəllif: Natiq NƏSİROV