STOLÜSTÜ TENNİS MƏŞQÇİLƏRİ ÜÇÜN SEMİNAR KEÇİRİLİR

Azərbaycan Stolüstü Tennis Federasiyasının Beynəlxalq Stolüstü Tennis Federasiyası ilə birgə hazırladığı layihəyə əsasən sentyabr ayının 13-dən etibarən Bakı və respublikanın regionlarında fəaliyyət göstərən 30-dan artıq məşqçi-müəllimlər üçün sertifikatlaşdırılmış seminar keçirilir. Seminar nəzəri hissədən və təlim-məşq toplanışından ibarət olacaq. Tədbirin təşkilində əsas məqsəd azyaşlı uşaqlarla çalışan məşqçi-müəllimlərə məşq proseslərinin müasir metodlara uyğun aparılması qaydalarının öyrədilməsi, eləcə də onların bu idman növündə təcrübələrinin artırılmasıdır. Sentyabr ayının 20-dək davam edəcək seminara belorusiyalı təcrübəli idman mütəxəssisi Aleksey Yefremov rəhbərlik edir. Seminarı bitirmiş məşqçi-müəllimlərə ilk dəfə olaraq birinci dərəcəli sertifikatlar təqdim olunacaq.