Portuqaliya qitə çempionudur! AVRO-2018

ESTAFET/ Sloveniyada keçirilən futzal üzrə Avropa çempionatına yekun vurulub. Avropanın ən güclüsünü müəyyən etmək üçün Pireney təmsilçiləri Portuqaliya və İspaniya həlledici görüşə çıxıblar. 

 

Final görüşü gözlənildiyi kimi, kifayət qədər maraqlı və gərgin mübarizə şəraitində keçib. Turnirin 1/4 final mərhələsində millimizin də qarşını kəsən portuqallar oyuna çox sürətli başlayıblar. Belə ki, Rikardinyo artıq 1-ci dəqiqədə onları hesabda önə keçirib. Lakin hissənin sonuna 1 dəqiqə qalmış ispanlar Tolranın qolu ilə oyunda bərabərliyi yaxalamağı bacarıblar. İkinci hissədə əks ssenari yaşanıb. Linin 32-ci dəqiqədə vurduğu qol bu dəfə ispanları hesabda önə keçirib. Portuqaliyanın böyük qüvvə ilə irəli atılması öz nəticəsini verib - oyunun sonuna 1 dəqiqə qalmış Koelyonun qolu qarşılaşmanı əlavə vaxta daşıyıb. 

 

Əlavə vaxtda da səhnəyə Koleyo çıxıb. Belə ki, əlavə vaxtın son dəqiqəsində onun cərimə zərbəsindən vurduğu qol, Portuqaliyanın ilk dəfə qitə çempionatlarının finalında İspaniya üzərində qələbə qazanmasını rəsmiləşdirib. 

 

Qeyd edək ki, turnirdə 3-cü yeri Qazaxstan futzalçılarını 1:0 hesabı ilə məğlub edən Rusiya millisi tutub. 

Müəllif: Natiq NƏSİROV