RİO-2016: XETAQ GÜMÜŞ QAZANDI
ESTAFET/ Rioda Sərbəst güləş yarışlarına 97 kq çəki dərəcəsindəki təmsilçimiz Xetaq Qazyumov son qoyub. Onun medal yolunu təqdim edirik.
Yarışlara 1/16 final mərhələsindən başlayan Xetaqın ilk rəqibi polşalı güləşçi Radoslav Baran idi. 3-0 hesablı qələbə ilə Xetaq növbəti mərhələyə keçib.
1/8 finalda rəqib təcrübəli iranlı güləşçi Məhəmməd Əli Yazdani olub. Gərgin keçən görüş 2-1 hesabı ilə başa çatıb və gülən tərəf Qazyumov olub. 1/4 finalda özbək güləşçi Maqomed İbraqimov Xetaqa ciddi müqavimət göstərə bilməyib və təmsilçimiz yarımfinala adlayıb.
Yarımfinalda ukraynalı Valeri Andriytsevlə görüşən Xetaq döşəyi 11-0 hesablı qələbə ilə tərk edib. Finala çıxmaqla Xetaq Olimpiya Oyunlarında indiyədək qazandığı medalların əyarını yüksəldib. Belə ki, Xetaq indiyədək Oyunlarda yalnız bürünc medallar qazanıb.
Finalda son Dünya çempionu amerikalı Kayl Sneyderlə qarşılaşan Xetaq 1-2 hesabı ilə məğlub olaraq, Oyunların gümüş medalı ilə kifayətləndi.