Voleybolçularımızdan Türkiyədə fərqli çıxış

ESTAFET/ Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında XIX turun oyunları keçirilib. Azərbaycan yığma komandasının bu liqada mübarizə aparan üzvləri müxtəlif nəticələrlə yadda qalıblar.
Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça” “Eczaçıbaşı” ilə qarşılaşıb. “Sarı-lacivərdlilər”in 1:3 hesablı məğlub olduqları oyunda Polina 21 xal toplayaraq görüşün ən məhsuldar oyunçusu olub.
Millimizin digər oyunçusu Yana Kulanın çıxış etdiyi “Beylikdüzü” səfərdə yığmamızın digər üzvü Marqarita Əzizovanın şərəfini qoruduğu “Beşiktaş”ı 3:2 hesabı ilə məğlub edib. Kulan görüşdə 28 xal toplamaqla komandasının və matçın bombardiri olub. Əzizova isə 2 xalla kifayətlənib.
Millimizin kapitanı Odina Bayramovanın formasını geyindiyi “Seramiksan” isə “İlbank”la qarşılaşmada 3 xal qazanıb. 3:0 hesablı qələbədə cəmi bir setdə meydanda olan voleybolçumuz görüşü xalsız başa vurub.
19 turdan sonra “Fənərbaxça” 43 xalla turnir cədvəlində 3-cüdü. Aktivində 22 xalı olan “Seramiksan” 8-ci, eyni xala malik “Beşiktaş” 9-cu, 21 xal yığan “Bəylikdüzü” isə 10-cudu.

