"Yaxşı mübarizə aparmağa çalışdıq": Samir Əliyev

ESTAFET/ Bu gün Topaz Premyer Liqasının 16-cı turunun son oyununda "Səbail" son çempion "Qarabağ"ı qəbul edib. Qonaqların minimal hesablı qələbəsi ilə başa çatan oyundan sonra keçirilən mətbuat konfransında "Səbail"in baş məşqçisi Samir Əliyev oyun haqda fikirlərini bildirib.

"Uşaqların çıxışından razı qaldım. Matçdan sonra onları oyuna görə təbrik etdim. "Qarabağ”la “Səbail” eyni səviyyəli komandalar deyil. Yaxşı mübarizə aparmağa çalışdıq. Əlimizdən gələni etdik".

 

Daha sonra o, jurnalistlərin suallarını cavablayıb.

 

- İki fərqli hissə izlədik. İlk hissədə “Səbail” daha hərəkətli idi. Fasilədən, xüsusilə, 60-cı dəqiqədən sonra komanda daha ləng görünürdü. Bu, yorğunluqla bağlı idi?

- Mən belə düşünmürəm. Əksinə, ikinci hissədə bir neçə dəyişiklikdən sonra daha fəal oynamağa başladıq.

 

- Komandalar arasında səviyyə fərqinin olduğunu dediz. Ancaq “Qarabağ”la müqayisədə heç də az qol fürsətiniz olmadı...

- Komanda yenidi. Qış fasiləsində kollektivə yeni futbolçular qoşulub. Onların adaptasiyası üçün vaxt lazımdı. Ən azı 7-8 oyun lazımdı ki, onlar komandaya tam uyğunlaşsınlar. Həmin vaxtadək də çempionat bitəcək (gülür). Bu gün biz “Qarabağ”ın imkan verdiyi qədər oynadıq.

 

- Bu gün “Kəpəz” - “Keşlə” oyununda kimə azarkeşlik edirdiz?

- Düzü, həmin oyunda heç-heçə olmasını istəyirdim. Çünki bizi qarşıda “Qəbələ” ilə çətin matçlar gözləyir. Həm “Keşlə”, həm də “Kəpəz” qış fasiləsində çox gücləniblər. Ancaq biz rəqiblərin yox, öz oyunumuza köklənirik.  

Müəllif: Bəhruz MƏMMƏDOV