RİO-2016 OLİMPİYA OYUNLARI TƏSNİFAT TURNİRLƏRİ

Hər bir idmançının, o cümlədən stolüstü tennisçilərin həyatında ən önəmli hadisə olan Olimpiya Oyunlarının başlanmasına az vaxt qalır. Bu Oyunları nə Dünya çempionatları, nə klub çempionatları, nə də Dünya Turunun Gran - Finalı ilə müqayisə etmək olmaz. Bu mötəbər tədbirə yaxşıların yaxşısı seçilir və gərginlik o qədər güclü olur ki, dünya ulduzları belə tab gətirə bilmir. Belə ki, Londonda keçirilmiş Olimpiya Oyunlarına seçim yarışında Çinin ən güclü idmançısı Ma Lun şansını əldən verərək yaponiyalı Koki Nivaya məğlub olmuşdur. Bundan əlavə milli komandaların məşqçiləri Oyunlarda öz yığmalarının şərəfini qoruyacaq oyunçuların heyətini əsaslı surətdə müəyyən edirlər. Asiyanın güclü yığma komandalarında rəqabət daha gərgindir. Məsələn, çinlilərin baş məşqçisi Lyu Qolyan idmançılarını daim sınaqdan keçirir, daha güclülərini müəyyən edir, bu və ya digər oyunçunun hazırlıq səviyyəsi barədə həm Çin, həm də Avropa KİV- də açıqlama verir. Qeyd edək ki, Olimpiya Oyunlarında hər bir assosiasiya cəmi üç idmançı ilə çıxış edə bilər. İki oyunçu şəxsi yarışlarda, üçüncü oyunçu isə yalnız komanda yarışlarında mübarizə aparacaqdır. Artıq təsnifat turnirlərinin  tarixi ilə bağlı qrafik məlumdur. Tədbirlərin hamısı 2016-cı ildə keçiriləcəkdir.

16-18 fevral - Sudan (Afrika)

22-25 mart - Avstraliya (Okeaniya)

1-3 aprel - Çili (Latın Amerikası)

6-10 aprel - Türkiyə (Avropa)

8-10 aprel - Kanada (Şimali Amerika)

13-17 aprel - Honkonq (Asiya)

Bu gün üçün Rio de Janeyroda iştirak edəcək yalnız dörd oyunçunun adı məlumdur. Bunlar ilk Avropa Oyunlarının qalibləri Dmitriy Ovçarov (Almaniya) və Li Tzyao (Niderland),  habelə Panamerika Oyunlarının mükafatçıları Uqo Kalderano (Braziliya) və Vu Yuedir (ABŞ).