Boks federasiyası da seçkilərlə bağlı görüş keçirdi

ESTAFET/ Azərbaycan Boks Federasiyasında (ABF) aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı iclas keçirilib. Toplantıda ABF rəhbərliyi, milli komandaların məşqçilər korpusu və boksçular iştirak ediblər.

 

Federasiyanın I vitse-prezidenti Ağacan Abiyev öncə seçkilər barədə ətraflı məlumat verib. O, aprelin 11-də baş tutacaq seçkilərdə hər bir Azərbaycan idmançısının iştirakının vacibliyindən söhbət açıb. Ardınca ABF kollektivi, Olimpiya, dünya və Avropa çempionatının mükafatçıları seçkilərdə Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevi dəstəkləyəcəklərini bəyan ediblər.

 

A.Abiyev İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyini də vurğulayaraq, onun bütün sahələrə olduğu kimi, idmana da xüsusi diqqət ayırdığını vurğulayıb. O bildirib ki, ölkə rəhbəri ümummilli lider Heydər Əliyevin demokratik dövlət quruculuğu siyasətini uğurla davam etdirir. İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda hər bir sahədə islahatlar daha da sürətlənib, yeni mərhələyə qədəm qoyub.

 

Vitse-prezident idmançılarımızın uğurlarının da İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı sayəsində reallaşdığını qeyd edib. Abiyev dövlət başçısının təşəbbüsü ilə təkcə paytaxtda deyil, Bakıdan kənarda da idman komplekslərinin fəaliyyətə başlamasından və bunun faydasından danışıb. O bildirib ki, məhz bu uğurlu siyasət xalqımızın, gənc nəslin sağlam böyüməsinə hesablanıb.

 

İclasda ölkə boksunun zirvələrdə olmasında Azərbaycan Prezidentinin rolunun danılmaz olduğu vurğulanıb. Bildirilib ki, idmanın maddi-texniki bazasının dünya standartlarına cavab verməsi, atletlərimizin, xüsusilə də boksçularımızın beynəlxalq arenada qazandığı uğurların birbaşa səbəbkarı cənab İlham Əliyevdir. Bu uzaqgörən siyasət nəticəsində Azərbaycan beynəlxalq idman qurumlarında böyük nüfuza malikdir və onlar da istənilən yüksək səviyyəli yarışın təşkilatçılığını ölkəmizə tərəddüd etmədən həvalə edirlər.

 

Yekunda yığmamızın aparıcı boksçuları, həmçinin A.Abiyev xalqımızı seçkilərə qatılmağa və güclü Azərbaycan naminə İlham Əliyevə səs verməyə çağırır. 

Müəllif: Natiq NƏSİROV