ŞƏHRİYAR MƏMMƏDYAROVDAN MÖHTƏŞƏM QƏLƏBƏ

Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunda bu gün 1/8 final mərhələsinin ilk görüşləri baş tutdu. Azərbaycanın Kubokun bu mərhələsində olan yeganə təmsilçisi Şəhriyar Məmmədyarov çətin sınaqdan üzüağ çıxmağı bacardı. Qeyd edək ki, Azərbaycan Dünya Kubokuna 6 şahmatçı ilə qoşulmuşdu. Bunlardan Vasif Durarbəyli və Eltac Səfərli ilk, Rauf Məmmədov ikinci, Qədir Hüseynovla Teymur Rəcəbov isə üçüncü mərhələdə Kubokla vidalaşmalı oldular. Şəhriyar bu mərhələdə rəqibi olan, bu ilin əvvəlində İtaliya vətəndaşlığını ABŞ vətəndaşlığına dəyişən dünyanın ən güclü qrossmeystrlərindən olan Fabiano Karuana üzərində inamlı qələbə qazandı. Dünyanın ən güclü 8 şahmatçısı sırasına düşmək üçün Şəhriyara sabahkı görüşdə heç-heçə etmək kifayətdi.