"12-ci gedişdən sonra özümü itirdim": Rauf Məmmədov

ESTAFET/ Bu gün Şəmkirdə start götürən şahmat üzrə Vüqar Həşimov Memorialında I tur sona yaxınlaşır. İlk turda Azərbaycan şahmatçısı Rauf Məmmədov qara fiqurlarla Çexiya təmsilçisi David Navarayla heç-heçə oynayıb. Turnirin mətbuat xidmətinin məlumatına görə, oyundan sonra Rauf Məmmədov fikirlərini bölüşüb: "Ötən il uğurlu oyunlarım çox oldu. Əmsalımı 2700-ə çatdırdım. Ona görə Şəmkirdə daha yaxşı çıxış etmək istəyirəm. David Navara kifayət qədər maraqlı rəqibdir. Cəlbedici oyunu və gözlənilməz gedişləri olur. Müəyyən mənada oyunumuzda oxşarlıq var. Heç-heçə oyuna görə olan nəticədir. Hərçənd qalib gəlmək imkanlarım var idi. Sadəcə Navarayla oyuna yaxşı hazırlaşmamışdım. 12-ci gedişdən sonra ümumiyyətlə özümü itirdim. Hansı gedişi oynayacağımı bilmirdim. David çox ağıllı oynadı və qısa zamanda bərabərlik yaratdı".

 

ShamkirChess 2018 superturnirinin təşkilatçılığını yüksək qiymətləndirən Azərbaycan şahmatçısı yarışın Vüqar Həşimovun xatirəsinə keçirilməsinin önəmli olduğunu qeyd etdi: "Vüqarın adına turnir təşkil edən şirkətlərə və insanlara təşəkkür edirəm. Onu həmişə xatırlayırıq. Həşimovun adı gələndə 2009-cu ildəki Avropa çempionatını xatırlayıram. Serbiyada millimiz ilk dəfə çempion oldu. Son həlledici görüşdə Daniel Stelvagenə qarşı gedişi və qələbəsini xatırlayıram. Çox xoşbəxt idik". 

Müəllif: Bəhruz MƏMMƏDOV