"Raufa qalib gəlmək imkanım var idi": David Navara

ESTAFET/ Şəmkirdə təşkil olunan şahmat üzrə Vüqar Həşimov Memorialında I tur sona çatıb. İlk turda Azərbaycan şahmatçısı Rauf Məmmədov qara fiqurlarla Çexiya təmsilçisi David Navarayla heç-heçə oynayıb. Partiyadan sonra David Navara oyun barədə danışıb: "Açılışdan sonra debütdə üstünlük qazandım. Çox maraqlı vəziyyət yaranmışdı. Təəssüf üstünlükdən istifadə edə bilmədim. Rauf çox dəqiq oynadı. Vəziyyəti bərabərləşdirdi və üstünlüyü qaytarmağa imkan vermədi. Amma qələbə qazanmaq imkanım var idi".

 

Mərhum Vüqar Həşimov barədə danışan çexiyalı şahmatçı onunla oynadığı turnirləri yada salıb: "Həşimovu çox yaxşı xatırlayıram. Vüqar hər zaman partiyada vəziyyəti dəyişməyi bacarırdı. Onunla indiyə qədər 9 dəfə qarşılaşmışıq. Beş oyunda Vüqar qələbə qazanıb. Onun yoxluğunu qəbul etmək çox çətindir. Bir insanı illər ərzində tanıyırsan, sonra onun dünyasını dəyişdiyini eşidirsən. Həşimovun özünəməxsus gülüşü həmişə yadımdadır. Şəmkir turnirində hər zaman onu xatırlayırıq". 

Müəllif: Bəhruz MƏMMƏDOV