Günay Məmmədzadə Dünya çempionatında
ESTAFET/ Xəbər verdiyimiz kimi, aprelin 8-19 tarixlərində Slovakiyanın Visoke Tatri şəhərində qadınlar arasında şahmat üzrə Avropa çempionatı keçirilib. 6 şahmatçı ilə təmsil olunduğumuz qitə birinciliyində 17 yaşlı Günay Məmmədzadə adını Azərbaycan şahmat tarixinə yazdırmağı bacarıb.
Keçirdiyi 11 görüşdə 5 qələbə və 5 heç-heçə edən Günay yalnız çempionatın gümüş medalçısı gürcü Nana Caqnidze ilə görüşdən məğlub ayrılıb. Bu uğurlu çıxış nəticəsində gənc və perspektivli şahmatçımız aktivinə 50 reytinq xalı artıraraq, hazırda 2442 xalla dünya sıralamasında 35-ci pillədə qərarlaşıb. Bu göstərici ilə o, Gülnar Məmmədovaya məxsus (2401 xal, 2017-ci ilin yanvar ayı) ən yüksək nəticəni yeniləyib. Bundan əlavə, Günayın timsalında ilk dəfə bir qadın şahmatçımız dünya reytinqində TOP 50-də yer alır.
Uğurlu çıxışın yekunu olaraq, Günay qadınlar arasında növbəti Dünya çempionatında iştirak etmək hüququ qazanıb. Belə ki, çempionatın reqlamentinə görə, ilk 14 pillənin sahibləri dünya birinciliyində qitənin təmsilçiləri olacaqlar.