Karateçilərimizdən Avropa çempionatında uğurlu nəticə

ESTAFET/ Azərbaycan karateçiləri Serbiyada 53-cü Avropa çempionatını zəfərlə başa vurub. Milli komanda Novi Sad şəhərində qitə çempionatından 5 medalla dönüb.

 

Mükafatların biri qızıl, ikisi gümüş, bir o qədəri isə bürüncdür. Rafael Ağayev (-75 kq) növbəti dəfə birinci yeri tutmaqla, özünə məxsus olan rekordu on bir qat Avropa çemponluğuna yüksəldib.

 

Şahin Atamovla (+84 kq) İrina Zaretska (-68 kq) gümüş medala, Roman Heydərovla (kata) Nuranə Əliyeva (-50 kq) isə bürünc mükafata sahib olub. Tural Ağalarzadə (-67 kq), Ayxan Mamayev (-84 kq), eləcə də kata və kumite üzrə komandalarımız bürünc medal uğrunda həlledici görüşlərdə qələbəni əldən verərək 5-ci pilləni tutub. Bu nəticə ilə Azərbaycan 52 ölkə arasında 6-cı pilləyə qalxıb.

 

Milli komandanın baş məşqçiləri Şahin Xudaverdiyev (kumite, kişilər), Anar Allahverdiyev (kumite, qadınlar) və Vahid Ayvazov (kata) daha yüksək nəticə gözlənildiyini, lakin müəyyən səbəblərdən qeyd edilən medallarla kifayətlənməli olduqlarını bildiriblər. Federasiya prezidenti Yaşar Bəşirov ümumilikdə nəticədən razı qaldığını söyləyib.

 

Milli komandanı iyunda İstanbulda Karate 1 Premyer Liqa turniri gözləyir. 

Müəllif: Bəhruz MƏMMƏDOV