ŞAHMATÇILARIMIZ ADADA MÜBARİZƏ APARACAQLAR
ESTAFET/ Xəbər verdiyimiz kimi, Azərbaycanın ən güclü şahmat ustası Şəhriyar Məmmədyarov 26 sentyabr - 6 oktyabr tarixlərində Moskvada ənənəvi superturnir olan "Memorial Mixail Tal"-da mübarizə aparacaq. Qeyd etmək istərdik ki, turnirdə iştirak edən 10 qrossmeystrin hər birinin reytinqi +2700-dür.
Bu turnirlə yanaşı Britaniya adalarından olan Men adasında 1-9 oktyabr tarixlərində təmsilçilərimiz Eltac Səfərli (2688) və Arkadiy Naydiçin (2696) də iştirak edəcəyi başqa bir turnir keçiriləcək. Açıq xarakterli "Isle of Man International Masters" adlı turnirin iştirakçıları da titul və reytinq baxımından heç də Moskva turnirindən geri qalmırlar. Təkcə son günlərdə Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının qalibi olan ABŞ yığmasının 3 ən güclü üzvünün - Fabiano Karuana ( 2808), Hikaru Nakamura (2789) və Uesli Sonun (2782) burada iştirak etməsi turnirin gücündən xəbər verir.
Bunlardan başqa, turnir iştirakçıları arasında Pavel Elyanov (Ukrayna, 2739), Maykl Adams (İngiltərə, 2738), Vanq Hao (Çin, 2710), Peter Leko (Macarıstan, 2709), qadınlar arasında Dünya çempionu Hou Yifan (Çin, 2658) kimi güclü zəka ustaları yer alır.