"Təlim-məşq toplanışlarının sayını artırmağa çalışacağıq": Azər Məmmədov

ESTAFET/ 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının Bakıda təşkil olunmuş 10 günlük təlim-məşq toplanışı başa çatıb. Hazırlıq müddətində 3 yoxlama oyunu keçirən komandanın baş məşqçisi Azər Məmmədov toplanışla bağlı affa.az-a fikirlərini bildirib: 

 

“Bu təlim-məşq toplanışı məndə müsbət rəy yaratdı. Əsasən texniki-taktiki çalışmalara üstünlük verdik, 3 yoxlama matçı keçirdik. Futbolçuların güclü komandalarla qarşılaşmada necə təsir bağışladığını görmək üçün rəqib qismində yaşca daha böyük kollektivləri seçdik. U-17 milli komandamızla yanaış, 4-5 yaş böyük futbolçulardan qurulmuş “Keşlə” və “Sabah”ın əvəzedici heyəti ilə qarşılaşdıq. Hər üç oyunda məğlub olmağımıza baxmayaraq, futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Müsbət keyfiyyətlərlə yanaşı mənfiləri də gördük. Təlim-məşq toplanışlarının sayını artırmağa çalışacağıq. Çünki bu uşaqlarla nə qədər çox bir yerdə olsaq, onlardan nə istədiyimizi daha çox anlayacaqlar”.

Müəllif: Orxan NOVRUZOV