"Qarabağ"ın növbəti transferi

ESTAFET/ “Qarabağ” növbəti transferini gerçəkləşdirib. Klubun feysbuk səhifəsində yerləşdirilən məlumata görə, komandanın yeni transferi də qapıçıdır. Hannes Halldorssondan sonra braziliyalı Vaqner da Silva da karyerasını Ağdam klubunda davam etdirəcək.  

 

32 yaşlı Vaqner “Muskron”dan transfer edilib. Braziliyalı qolkiper ötən ilin yanvarından bu ilin yayına qədər icarə əsasında “Boavişta”nın formasını geyinib. Karyerasına “Atletiko Paranaense”də başlayan Vaqner da Silva ilk dəfə 2010-cu ildə Avropaya yollanıb. O, Portuqaliyada “Eştoril”, “Boavişta” və Belçikada “Muskron” klublarında çıxış edib.

 

Təcrübəli qapıçının “Muskron”la müqavilə müddəti başa çatdığından, “Qarabağ”a havayı başa gəlib.

 

Qeyd edək ki, “Qarabağ” buna qədər Filip Ozobiç, Rahil Məmmədov, Abdullah Zubir, Hannes Halldorsson və Simeon Slavçevi transfer etmişdi.

Müəllif: Bəhruz MƏMMƏDOV