Olimpiya təsnifat turniri başa çatdı

ESTAFET/ Seçmə komandanın üzvləri Xəqan Həsənov (61 kq), Bəxtiyar Rzayev (68 kq), Musa Sarızadə (+68 kq), Mədinə Sadıqova (53 kq) və Səma İmanzadə (59 kq) Olimpiya təsnifat turnirində yüksək nəticə əldə edə bilməyiblər. X.Həsənov və M.Sadıqova olimpiya lisenziyası qazanmağa yaxın olsa da, son anda nəticə uğursuz alınıb.


Xorvatiyanın Umaq şəhərində yeniyetmələr arasında ilk olimpiya təsnifat turnirinin yalnız finalçıları bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanıb. Məsul yarışda 84 ölkədən 325 idmançı mübarizə aparıb.


Beynəlxalq hakim, federasiyanın hakimlər komitəsinin sədri Cahangir Babayev Olimpiya təsnifat turnirinin ən yaxşı hakimi elan edilib. Milli komandanın məşqçiləri, əməkdar məşqçilər Şahin Xudaverdiyev, Anar Allahverdiyev və Qurban Tağıyev Xorvatiyada WKF-in Məşqçilər komitəsinin imtahanından uğurla keçərək məşqçilik lisenziyasının müddətini artırıblar.


Təsnifat yarışına yollanan heyət daha bir neçə idmançımızla birgə 12-21 yaşlı karateçilər arasında 68 ölkədən 1340 idmançının iştirakı ilə Uşaq, Yeniyetmə və Gənclərin Kubok turnirinə qatılacaq. Adları qeyd edilən idmançılardan başqa bu yarışlarda Fərid Ağayev (70kq), Tale Yaqubov (63 kq), Hümmət Baxşəliyev (67 kq), Elcan Məmmədrzayev (60 kq), Hüseyn Əliyev (67 kq), Murad Hacızadə (+84 kq), Roman Heydərov (kata), Fidan Dadaşova (47 kq) və Fidan Teymurova (50 kq) iştirak edəcək.


Turnirin ardından bir sıra paytaxt və region klublarının yetirmələri Umaqda Dünya Karate Federasiyasının (WKF) Gənclər liqa yarışında özlərini sınayacaq. Yarışa 74 ölkədən 1874 gənc idmançı gələcək. Beynəlxalq hakim Vüqar Kərimov bu yarışların hakimləri arasında olacaq.  

Müəllif: Natiq NƏSİROV